Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Xüsusi Tədqiqatlar -> 06.03.2008 - Azərbaycan-Türkiyə: bir-birimizi necə görürük - 17 il sonra... azərbaycanlilarin sosial-psixoloji portretinə ştrixlər

6.03.2008

Biz kimik? Haradan gəlmişik və hara gedirik?

Bu sual üzərində hər bir xalq gec, ya da tez düşünməli olur. Dünyada yalnız öz orijinallığını dərk edərək, digərləri arasında yerini müəyyənləşdirərək mövcud olmaq mümkündür. Xalqımızın taleyinin düyünlü məqamlarında, öz yolunu, milli qayəsini anlayanda və əldə edəndə bu suallara verilən cavablar daha önəmli olur. 1991-ci ildə AEA Fəlsəfə və Hüquq İnstitutunun sosioloqları bu suallara cavab tapmağa cəhd göstərdilər. O zamandan bəri nə dəyişilib, ictimai şüurda transformasiyalar olubmu, əgər olubsa bunlar hansılardır?  “RƏY” MM-in Atatürk Mərkəzinin sifarişi ilə 25-28 fevral 2008-ci il tarixlərində Bakı şəhərində keçirdiyi “Azərbaycan-Türkiyə: bir-birimizi necə görürük” adlı tədqiqatı da bu suallara cavab axtarışına həsr olunmuşdu.

600-dən artıq paytaxt sakinini əhatə edən tədqiqat daha çox axtarış, “sınaq” xarakteri daşıyır. Əslində bu, bir sıra türk dövlətlərində keçirilməsi nəzərdə tutulan müqayisəli tədqiqat layihələrinin reallaşması istiqamətində ilk addım oldu.

Anketləşdirmə nə göstərdi? İlk növbədə qeyd etmək istərdik ki,  bakılıların qonşu ölkəyə marağı və onun haqqında məlumatlılığı dəyişilmişdir. 1991-ci ilin məlumatlarına görə, respondentlərin 5%-i Türkiyədə olmuş, 65% isə bu ölkənin əhalisi ilə ünsiyyətdə olmamışdır (indi müvafiq olaraq – 15% və 55%). O zaman resondentlərin 94%- türklərin həyatı və problemləri ilə maraqlanması və 28 nəfərdən biri bu ölkə haqqında kifayət qədər məlumatlı olduğunu bildirməsi ilə müqayisədə, indi vəziyyət dəyişmişdir. Türkiyə ilə respondetlərin 83%-i maraqlanır və demək olar ki, hər iki  nəfərdən biri hesab edir ki, bu ölkə haqqında kifayət qədər informasiyalıdır.

Bununla yanaşı yaxın ölkəhaqqında informasiya mənbəyi kimi respondentlərin 72%-i türk telekanallarını, 63%-i kinofilmləri və serialları, 24%-i tanışların söhbətlərini, 21%-i qəzet və jurnalları qeyd etmişlər. Yeri gəlmişkən qeyd edək ki, heç kim informasiya mənbəyi olaraq elmi-populyar ədəbiyyatı qeyd etməmişdir. Başqa sözlə desək, qonşu ölkəyə maraq ilk növbədə ənənəvi xarakter daşıyır. Analoji mənzərə “köhnə” tədqiqatda da qeydə alınmışdı; lakin o zaman təbii ki, indi bizim gündəlik hayat normamıza çevrilmiş İnternet və türk TV-lərinin rolu qeyd olunmamışdı.

Filmlərin və serialların liderlik təşkil etməsi o qədədr də fərəhləndirici hal deyil. Axı türk melodramaları, komediyaları, yaxud döyüş filmləri bir zamanlar dəbdə olan “Əhməd haradadır?” və ya “Ögey ana” filmləri kimi heç də reallığı əks etdirir. Razılaşaq ki, onlar daha çox qonşuların cazibəli, təhrif olunmuş obrazlarının yaranmasına xidmət edirdi.  

 Bakılılara türk xalqının məşhur nümayəndələrinin adları yaxşı tanışdır.  Həqiqətən də səhərlilərin maraq və rəğbət göstərdikləri şəxslərin siyahısını kiçik hesab etmək olmaz. Anketlərdə bu siyahı üçün nəzərdə tutulmuş sətirlərdə adlar azalmamamışdır. Qeyd-şərtsiz liderlik yenə də Mustafa Kamal paşa Atatürkə aiddir. Reytinq cədvəlini T.Ozal, S.Dəmirəl və T.Şoray (10%), Tarkan (5%), S.Aksu, Ç.Ecevit və başqaları davam etdirirlər. Adətən məşhur aktyorların və müğənnilərin adlarını çəkməklə kifayətlənən gəclərdən fərqli olaraq, daha yaşlı nəsildən olan bakılılar yazıçıların, şairlərin, ictimai-siyasi xadimlərin adlarını çəkməklə normal tanışlıqlarını nümayiş etdirirlər. Qeyd edək ki, indi bu siyahı o qədər də böyük olmayan dəyişikliyə uğramışdır. Lakin ciddi dəyişikliklər də vardır:  1991-ci ildən fərqli olaraq (1991-ci ildə bu göstərici 5% təşkil edirdi) “bütün türk xalqına heyranlıq nümayiş etdirən” respondentlər qrupu bu tədqiqatda qeydə alınmamışdır.

Xalqlarımızın yaxınlığı, bir-birimizə qarşı olan bağlılıq hissləri – inkaredilməz faktdır və azərbaycanlıların kütlə şüuruna hopmuş bir haldır. Həm o zaman, həm də indi türkləri bizə qardaş və yaxın ölkə hesab edən respondentlər mütləq çoxluq təşkil edir- 90%-dən artıq. Onlara qarşı ən isti hisslərlə yanaşırlar: dostpərvərlik, rəğbət və maraq 53%-72%-ədək. Bu mənzərə təxminən bu gun də təkrar olunur. Lakin “soyuq” cavablara da rast gəlinir: nifrət, şübhə - 5%-dən çox olmayaraq. Hal-hazırba bu göstəricilər daha aşağıdır. Lakin görünük ki, sonuncular bizim münasibətimizi müəyyənləşdirən hisslər deyil. Həmçinin, bakılıların Türkiyəyə rəğbəti get-gedə artır- bunu respondentlərin yarıdan çoxunun cavabları da təsdiq edir (1991-ci ildə - təxminən 60%).

Bəs bakılıları Türkiyə həyatında daha çox nə düşündürür?  Burada da böyük miqyaslı dayişikliklər yoxdur. Əvvəl olduğu kimi, indi də bakılıları əsasən türklərin musiqisi, məişəti və ənənələri  maraqlandırır -57% (1991-ci ildə -58%). Lakin Türkiyəyə diqqətin azaldığını göstərən fərqlər də vardır: bu ölkənin mədəniyyətinə, tarixinə və incəsənətinə maraq 48%-dən 32%-ə enmişdir. Bu da təbii ki, ilk növbədə Azərbaycanda bir sıra türk telekanallarınının yayımının dayandırılması ilə əlaqədardır. Ədəbiyyata gəlincə, burada marağın azalması daha çox hiss olunur: 31%-dən 4%-ə. Əslində bu fakt izaholunandır: əgər milli müəlliflər də daxil olmaqla az oxuyuruqsa, deməli, eyni münasibəti “yad” yazarlara da göstərəcəyik.

Bəzən yeni fərqlərə də rast gəlinir. Əgər əvvəllər dinə maraq güclə seziləcək dərəcədə idisə, bu gun din bakılıların maraq göstərdiyi dördlüyə daxil olmuşdur. Bu da təmamilə izaholunandır: Azərbaycanda din azadlığının yüksək səviyyəsi burada bütün dinlərin nümayəndələrinə öz dini tələbatlarını yerinə yetirməyə imkan verir. Hal-hazırda azərbaycanlılar Türkiyədə bu sahədə baş verən olaylara maraqlarını daha açıq şəkildə ifadə edirlər.

İqtisadiyyata, xarici siyasətə, elm və texnikaya gəlincə isə, onlar prioritet sahələr siyahısında sonuncu yerlərdə dayanırlar. Bununla belə, anketlərdəki yazılar adətən konkret deyil, mücərrəd, qeyri-müəyyən xarakter daşıyırdılar. Bu da təbiidir- çünki ən yaxın və qardaş olsa belə, istənilən bir ölkənin reallıqlarının araşdırılması “küçədən keçən, təsadüfi” insanların deyil, mütəxəssislərin təqdiridir. Və belə insanlardan hazırlıq və qiymətləndirmə tələb edən problemlərə maraq gözləmək artıqdır. Buna baxmayaraq, bakılıların sosial tematikaya biganəliyini iddia etmək olmaz. 1991-ci ildə (yeri gəlmişkən – bu Türkiyədə iqtisadi partlayış ili olmuşdur) bu ölkədə baş verən prosesləri qiymətləndirərkən, respondentlər daha çox iqtisadi olayları qeyd edirdilər. Demək olar ki, bu haqda yalnız eşitsələr belə, azərbaycanlılar Türkiyənin uğurları ilə öz uğurları kimi fəxr edirdilər. Bu gün vəziyyət də, Türkiyə də, elə biz özümüz də dəyişmişik. İndi bakılıların diqqətini digər sosial faktlar cəlb edir: hakimiyyət dəyişikliyi, prezident seçkiləri, İraqda antiterror əməliyyatları və s. Bir sözlə, 17 il öncə olduğu kimi, bakılılar Türkiyənin uğurlarından yaxşı mənada təsirlənirlər. Lakin biz indi onlara lazım olanı verərək, onların məqsədə nail olmaq bacarıqlarını qiymətləndiririk. Lakin bu artıq bizim ümumi uğurumuz deyil, onların öz uğurudur. Eyni zamanda qeyd etməliyik ki, azərbaycanlılar Türkiyənin ağrılı problemlərini öz problemləri kimi qəbul edir, həmçinin onu dəstəkləyir, məsələn, PKK terror təşkilatı ilə mübarizəsini dəstəklədiyi kimi.

Bir daha vurğulayaq ki, azərbaycanlıların və türklərin bir-birinə bağlılığı şübhəsizdir. Bu bağlılıq azərbaycanlıların kütlə şüurundan bir “qırmızı zolaq” kimi keçir və özünü ən gözlənilmaz anlarda büruzə verir. Xatırladaq ki, 2002-ci ildə Türkiyənin yığması Dünya çempionatının mükafatçısı olanda və yaxud “Qalatasaray” komandası UEFA kubokunu qazananda bakılı azarkeşlərin sevincinin həddi-hüdudu yox idi. Və bu gün də ehtiraslar hələ də səngimək bilmir. Respondentlərin 60%-i bildirmişdir ki, əgər oyunda türk və digər ölkənin komandaları qarşılaşırsa, onlar Türkiyəni dəstəkləyir. 18%-in münasibəti rəqib komandanın hansı ölkəni təmsil etməsindən asılıdır. 22% isə etiraf etmişdir ki, onların futbol meylləri başqadır.

Biz respondentlərə türklərlə oxşar və fərqli cəhətlər haqqında da suallarla müraciət etmişik. Suallar ilk baxışda sadə görünür və əsasən ilkin mənzərə yaratmaq məqsədi daşıyırdı. Lakin 1991-ci il tədqiqatının nəticələri də gözlənilməz oldu. Respondentlərin böyük əksəriyyəti (birinci halda 25%, ikinci halda 43%) cavabdan yayınmış, “öz” xalqının və “yad” xalqın xüsisiyyətlərini müəyyənləşdirə bilməmişdir. Bu gün cavabdan imtina halları birinci sualda 13%-ədək, ikinci sualda isə 23%-ədək azalmışdır.

O zaman rəyi soruşulanların 67%-i (indi 80%-i) hesab edir ki, azərbaycanlılar və türklər arasında oxşarlıq çoxdur. Bu oxşarlıq özünü dildə, dində, həyat tərzində, nəhayət mədəniyyətdə büruzə verir.  Həmçinin bəzi hallarda tarixi köklərə, düşüncə tərzinə və xarakterə görə oxşarlıq tapanlar da vardır. “Köhnə” tədqiqatın nəticələrinə görə, türklərlə bizim oxşarlığımız fərqlərimizdən çoxdur. Anketlərdə anlaşılmazlıq nəzərə çarpırdı: axı biz onlar kimiyik, hansı fərqlərdən söhbət gedə bilər? Başqa sözlə desək, 1991-ci ildə azərbaycanlıların düşüncəsində daha çox ümümi tendensiyalar dominantlıq təşkil edirdi. Deməli, o zaman türklərlə özünü eyniləşdirmək meylləri ilə bərabər, həmçinin qeyri-dəqiqlik, öz etnostereotipində yayılma da var idi.

Respondentlərə xalqlarımız arasında konkret fərqləri yazmaq təklif olunduqda, onlar ilk növbədə sosial-iqtisadi cəhətləri ön plana çəkmişlər: güzəranın səviyyəsi, ictimai-siyasi qutuluş və s. Daha doğrusu, azərbaycanlılar özlərini türklərlə bir xalq olaraq qiymətləndirir. Lakin  biz bir az fərqli cəhətlərlə, oxşarlıq və yaxınlığımıza baxmayaraq ayrı-ayrı dünyalarda yaşayırıq.

1991-ci il anketlərinə əsasən, bakılıların təfəkküründə ideallaşdırılmış türk obrazının  formalaşdığını söyləmək olar. Bu - bir çox hallarda cəsur və namuslu, milli qürura malik, yumşaq və qonaqpərvər, ailəyə sadiq, şəxsiyyət azadlığına və hüquqlarına hörmət edən, nisbətən dindar, peşəkarcasına fəaliyyət göstərən, həyatdan zövq almağa çalışan..... və demək olar ki, mənfi cəhətlərdən məhrum bir insandır.

Bu günün türkü azərbaycanlıların gözündə bir qədər başqa səpgidədir. Bu – vətənpərvər, cəsur əsgər, dindar və qanuna riayət edən vətəndaş, öz məvqeyinə hörmət edən və sözünə sadiq, peşəkarcasına çalışan və..... əsla mənfi cəhətlərdən məhrum olmayan bir insandır. O, əvvəlki tədqiqatdan fərqli olaraq ailəsinə daha az sadiq və qayğıkeş, lakin praqmatk bir insandır.

Aydındır ki, bu portret orijinaldan fərqlənə bilər. Lakin obyektiv olmağa calışaq ki, onun əhəmiyyəti reallığa uyğunluğu və uyğunsuzluğu ilə əlaqədar deyil. Məsələ ondadır ki, “Günəşdə də ləkələr var”, başqa sözlə desək, azərbaycanlıların təsəvvürləri dəyişmişdir. Türkün “köhnə” ideallaşdırılmış obrazı indi daha real və həyatidir, azərbaycanlılar get-gedə keçmiş coşğunluqdan və ehtiramdan yaxa qurtarır, həyata daha açıq gözlə baxırlar. Onlar sanki qonşulara aşağıdan yuxarı deyil, eyni səviyyədən baxmağa başlayıblar.

Ümumilikdə götürdükdə isə, əvvəllər bakılılar Türkiyə haqqında dolğun və obyektiv informasiyaya malik deyildilər. Və onların türklər haqqında rəyi daha çox direktiv mahiyyət daşıyırdı. Qonşuların real dünyaları sanki yaddaş kartına köçürülmüş, kütlə şüurunda qeydə alınmşdı, lakin ona əhəmiyyət verən yox idi. Diqqət yetirək ki, natamam informasiyaya malik olan respondentlər tərəddüd etmədən bu ölkənin həyatının incəlikləri haqqında fikirlər söyləyirdilər. Fikrimizcə, bu ondan irəli gəlir ki, azərbaycanlılar türklər haqqında sanki özlərindən danışırmışlar kimi fikir söyləyirlər. 

Bu və ya digər suallara verilən cavabların korrelyasiyasının, həmçinin göstəricilərin sistemliliyinin nəzərə alındığı sorğu materiallarının təhlilinin incəliklərinə varmadan bu şəraiti müəyyənləşdirməyə çalışaq: 1991-ci il tədqiqatı azərbaycanlıların əhval-ruhiyyələri ilə bağlı “yaralı nöqtə”ləri əyani şəkildə göstərdi. Kütlə şüurunda öz xalqının və “yad” xalqın müqayisəsi, qarşılaşdırılması prosesi müntəzəm və intensiv şəkildə gedirdi. Biz sanki özümüzü görmək və hiss etmək üçün digərlərinə baxırdıq. Məlumdur ki, o zaman bizim tariximizin mürəkkəb bir dönəmi idi: “azərbaycanlı” adı azəri türkə keçid aldı, latın qarfikalı əlifbaya qayıdıldı, dövlətçiliyimiz inkişaf edirdi.  Təbii ki, müstəqil Azərbaycanın yaradılması yolunda əldə olunmuş uğurlar və itkilər kütlə şüurunda birmənalı reaksiyalar – coşqunluq, təqdirlik, anlaşılmazlıq, təlaş yaradaraq iz qoymaya bilməzdi. 

Məhz buna görə də qonşu ölkə ideal, təqlid ediləsi nümunə keyfiyyətində çıxış etdi, gözləntilər və ümidlər onunla əlaqələndirildi. Demək olar ki, respondentlərin yarısının fikrincə, dostluq münasibətləri, əməkdaşlıq və qarşılıqlı mübadilə hər cəhətdən inkişaf etdiriləcək, hər altı nəfərdən biri Türkiyənin köməyindən və himayəsindən başqa çarə görmürdü. Lakin Türkiyəyə münasibətdə heç bir ümid nümayiş etdirməyən pessimistlər də var idi.     

Birincilərin optimizmi yəqin ki, o dövrdə dünya miqyasında Türkiyənin real uğurları və genişlənən rolu ilə əlaqədar idi. Səciyyəvi haldır ki, respondentlərin demək olar ki, 40%-i bu ölkənin xarici siyasi təsiri haqqında danışarkən, “vacib” və “əhəmiyyətli” sözlərindən istifadə etmişlər. İkincilərin şübhəli mövqeyi isə “orta”, hətta bəzən “zəif” sözləri ilə ifadə olunmuşdur. Bununla belə, pessimistlər o qədər də çox deyil- 9%-dən az.

Tərəddüdsuz qeyd etmək olar ki, o zaman Türkiyə və türklər özünəməxsus etalon hesab olunurdular. Onlar bizim olmaq istədiyimiz və ola biləcəyimiz insanlar idilər - bu sanki başqası tərəfindən reallaşdırılmış arzu idi. O zamanlar ictimai təfəkkürdə bu düşüncələr dominantlıq təşkil edirdi.

Türklərə xas olan cəhətlər haqqında danışarkən respondentlər ilk növbədə igidlik, milli şərəf və layaqət, həmrəylik kimi cəhətləri önə çəkirdilər. Əslində bu cəhətlər bir xalqın ölüm və qalım məsələsini həll edir. Məhz ictimai rəy bu amillər ətrafında formalaşırdı. Bu cəhətlərin həyati əhəmiyyətini hiss edən və qonşularını real ideal hesab edən ictimai rəy onlara kifayət qədər diqqət ayırırdı.

1991-ci ildə biz türklərin fərqləndirici xüsusiyətləri haqqında respondentlərə müraciət etdikdə, onlardan fərqli cavablar aldıq. Dominantlıq təşkil edən tonallıq haqqında deyə bilərik ki, burada ruh yüksəkliyi hakimdir -  respondentlərin 100 nəfərindən 39-u yalnız müsbət, 12 nəfəri isə həm müsbət, həm də neytral xüsusiyyətləri qeyd etmişlər.

Hazırki sorğu isə tamam başqa bir mənzərəni qeydə almışdır. İndi rəylər mənzərəsinə yeni rənglər əlavə olunmuş, Türkiyəyə münasibətdə emosionallıq azalmışdır. Anketlərdə daha çox türklərin peşəkarlığı, praqmatikliyi, soz saxlaya bilmək, məqsədə nail olmaq bacarığı qeydə alınmışdır. Qeyd olunur ki, onlar sünnidirlər və Avropa reallıqlarına daha çox inteqrasiya olunmuşlar, cəmiyyət içində davranışlarında daha sərbəstdirlər, onların davranışlarında hələ də Osmanlı imperiyasının göstəriciləri vardır və s. Respondentlər artıq digər cəhətlərə meyllənirlər, deməli, azərbaycanlılar bu gün öz güclərinə daha əmin və daha sakitdirlər. Onlar türkləri nəhəngləşdirmir və mifləşdirmirlər, onlara layiq olduqları münasibəti göstərirlər, onların müsbət cəhətlərini qiymətləndirir və mənfi keyfiyyətlərinə göz yummurlar. Bu, əvvəlki tədqiqatdan fərqli olaraq, sanki kənardan baxışdır.  

O dövrdə azərbaycanlılar üçün Türkiyə naməlum torpaq idi və oraya qapı gözlənilmədən taybatay açılmış oldu. Bu halda istənilən cüzi bir göstərici emosional və həssas azərbaycanlılar tərəfindən heyranlıq və riqqət hissi ilə qarşılanırdı. O zaman Türkiyədə olmuş respondetlərdən biri anketə “İstanbul mənim üçün sübh azanı, lahmacun və Bosforda körpü deməkdir”. Sadalananlardan ikisi artıq bizim gündəlik həyat normamızdır, üçüncüsü isə reallaşması nəzərdə tutulan layihələrdəndir.

O zamanlar  biz qonşuların nə neytral, nə də neqativ cəhətlərini görmək istəmirdik. Və bu cür yanaşma əsasən real informasiyaya dayaqlanır. Deməli, ictimai rəyin çarxı “o biri” tərəfdə idi. Lakin zaman dəyişir, biz də onunla bərabər. Deyəsən, indi şarx artıq “bu” tərəfdədir. Bu sorğuda qeydə alınmış pozitiv və neqativ xarakterlərin əlaqəsi də bunu bir daha nümayiş etdirir.100 respondentdən 28-i tam pozitiv cəhətləri, digər 37- i isə həm pozitiv, həm neytral, həm də neqativ cəhətləri qeyd etmişlər. Başqa sözlə desək, türklərə qarşı münasibətin pozitiv istiqaməti dəyişməmişdir, hərarət olduğu kimi qalır, lakin biz artıq qonşularımızı mifləşdirmirik, onlar artıq “Betmen” rolunu oynamırlar. Bakılılar emosiyalarında və qiymətləndirmələrində özlərini cilovlaya bilir, cavablarında praqmatizm və ironoya nümayiş etdirirlər.

Bu konteksdə anketə daxil olunmuş yeni testin nəticələri də maraqlıdır: sual belə səslənirdi: bəzən deyirlər ki, bir ölkəni səciyyələndirmək üçün dörd söz də kifayətdir. Məsələn, İsveçrə - saatlar, banklar, dağ xizəkləri və pendir, ABŞ – göydələnlər, zirehli təyyarə gəmiləri, makdonalds və coca-cola, Rusiya- raketlər, böyük teatr, neft və araq, Gürcüstan – borjomi, narıngi, süfrəarxasi şərqilərvə xaçapuri deməkdir. Bəs Türkiyə necə? Sizcə, Türkiyəni hansi dörd sözlə səciyyələndirmək olar? Məlum olmuşdur ki, əksəriyyət üçün Türkiyə - istirahət, İstanbul, əsgər və dönər deməkdir. Bəs bizim ölkəmiz necə? Azərbaycan azərbaycanlıların nəzərində - neft, Qız qalası, Qarabağ və muğam deməkdir.

Təbii ki, bu testi ciddi və tam mənası ilə qəbul etmək olmaz, lakin onun əhəmiyyətini azaltmaq da lazım deyil. Bu təsvirlərdə həyatdan çox şey var. Antaliya- azərbaycanlıların çoxuna tanış olan dünya şöhrətli kurort şəhəridir. İstanbulun dünya tarixinə daxil olmuş şəhər kimi avtoriteti, həmçinin türklərin ordularına olan sevgiləri və hörmətləri şəksizdir. Dönər isə hamburger və pitsa qədər spesifikdir.

Bizim də ölkəmizin şifahi təsviri anlaşqlı və izaholunandır. Razılaşaq ki, bakılılar Azərbaycanın inandırıcı və pozitiv portretini çizə bilmişlər. Bu təkcə, Türkiyənin portreti kimi reallıqlara müvafiqliyi deyil, çünki istənilən bir ölkəni 4 sözlə ifadə etmək o qədər də asan olmayan bir məsələdir. Bu terminlərin arxasında nəyin gizləndiyini müəyyənləşdirmək isə başqa bir problemdir.

Zənnimizcə, həm Türkiyənin, həm bizim ölkəmizin obrazı, həm də ümumiyyətlə sorğunun artıq haqqında danışılan nəticələri belə bir fikri söyləməyə imkan verir ki, azərbaycanlıların kütlə təfəkkürü artıq 90-cı illər üçün xarakterik olan böhrandan çıxmışdır, o artıq mifləşdirmə ilə məşğul deyil, öz “mən”i, milli ideyaya nail olmaq uğrunda çalışır.

Deyilənlərin təsdiqi kimi, daha bir fakt. Sorğunun gedişində biz respondentlərə Türkiyə ilə Azərbaycanın bir-birinə qarşı münasibətdə kim olduqları haqda sual verdirk. Qeyd edək ki, bütün cabablar gözlənilan idi. Hər iki halda eyni ifadələrə rast gəldik: “qardaş dövlət”, “strateji tərəfdaf”, “müttəfiq”, “dost”- bir sözlə, hər şey proqnozlaşdırdığımız kimi oldu. Yalnız bir haldan başqa: demək olar ki, hər 10-cu respondent bildirdi ki, “Azərbaycan Türkiyə üçün dayaqdır”. Xatırladaq ki, “köhnə” sorğuda hər altıncı respondent himayəsinə və köməyinə arxalanaraq Türkiyəyə ümid bağlayırdı, bu gün bu kateqoriyaya aid respondent artıq yoxdur.

  Aydındır ki, bu cür sosial-psixoloji tədqiqatlar öz təbiəti etibarilə sosial transformasiyaların ölçülməsinə, dövlətçiliyin inkişaf səviyyəsinin və yaxud ölkənin seçdiyi istiqamətin düzgünlüyünü müəyyənləşdirməyə yönələ bilməz. Lakin müstəqillik illərində azərbaycanlıların öz gücünə arxalanmaları, çətin vəziyyətdə özlərinə inamları, kənardan kömək gözləməmələri, öz daxili potensiallarına güvənmələri – danılmaz faktdır.

Biz azərbaycanlılar necəyik? Biz həssas, xeyirxah və emosionalıq. Hər zaman kifayət qədər tənqidi və düşüncəli deyilik, bəzən çərçivələri aşırıq. Lakin indi 17 il sonra – müstəqilliyə və dövlətçiliyə gedən çətin yolu arxada qoyaraq biz daha güclü olmaq istəyirik, güclu olmağa məhkumuq və güclü ola bilərik. Biz özümüzə münasibətdə istehzalıyıq, deməli hələ də sərf olunmamış gücümüz var. Bizim məqsədə nail olmaq üçün bütün imkanlarımız var.

Aydındır ki, bu, azərbaycanlıların eskiz, “ağ-qara” layihəsidir. Hərtərəfli və rəngarəng sosial-psixoloji avtoportret əldə etmək üçün etnik cəhətdən yaxın xalqlarla müqayisəli tədqiqatlar vacibdir. Təbii ki, İstanbul, Astana, Aşqabad sakinlərinin bizim haqqımızda nə düşündüklərini öyrənmək maraqlı olardı. Onların fikrincə, azərbaycanlılara xas olan cəhətlər hansılardır? Bu və bu kimi suallara cavablara “RƏY” MM-in Atatürk Mərkəzi ilə reallaşdıracağı krossmədəni lahiyələrdə cavab tapmaq niyyətindəyik.      

 



 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.