Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev qalib gəlir - «Rəy» MM
15.10.2008, 20:43
Azərbaycanın hazırki prezidenti İlham Əliyev prezident seçkilərində qalib gəlib. Bu barədə «Rəy» Monitorinq Mərkəzinin (MM) direktoru Rizvan Abbasov «İnterfaks-Azərbaycan» agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında məlumat verib.
Mərkəzin keçirdiyi exit-pollun nəticələrinə görə, İ. Əliyev seçicilərin 80,5%-nin səsini toplayıb.
Qeyd edək ki, «Rəy» MM çərşənbə günü 64 seçki dairəsinin 500 məntəqəsində exit-poll keçirib. Sorğuda 38 min nəfər iştirak edib.
R. Abbasovun sözlərinə görə, digər namizədlər arasında liderliyi 5,44% səslə bitərəf namizəd Qulamhüseyn Əlibəyli, 4,74% səslə «Ümid» partiyasının sədri İqbal Ağazadə və 4,65% səslə Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev edirlər.
Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu isə, exit-pollun nəticələrinə görə 3,92% səs toplayıb. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və «Müasir Müsavat» partiyasının sədri Hafiz Hacıyev 1%-dən az səs toplayıblar.
«Rəy» MM-in direktoru bildirib ki, bu, ilkin nəticələrdir və 2-3% nisbi xəta nəzərə alınmaqla, namizədlərin topladıqları səs faizləri dəyişə bilər.
«Sürpriz nəticə olmadı. Seçicilərin favoriti lap əvvəldən bəlli idi. Yeganə məsələ iddialılar arasındakı reytinq fərqidindədir» - deyə R. Abbasov bildirib.