Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 05.08.2012 - İSTİRAHƏT VAXTIDIR VƏ YA BAKILILAR YAY TƏTİLİNİ NECƏ KEÇİRİRLƏR

5.08.2012

Artıq avqust ayıdır və havanın hərarəti 30 dərəcədən aşağı düşmür. Bu isə o deməkdir ki, Bakı əhalisinin əksəriyyəti yay istirahətini ya başa vurub, ya da bu ay başa vurmaq fikrindədir. Bəs paytaxt sakinləri bu yaya hansı planlar qurmuşdular, onlar harada və necə istirahət ediblər? Bütün bu suallara cavab tapmaq üçün «Rəy» Monitorinq Mərkəzi 2012-ci il iyulun 27-dən 31-dək Bakı şəhərində ictimai rəy sorğusu keçirib.

Sorğunun nəticələri göstərir ki, respondentlərin üçdə biri (30%) məzuniyyətlərini necə keçirəcəklərinə hələ də qərar verməyiblər. Daha 13% artıq bağda dincəlir, 7% xaricdə istirahət edib və ya etmək niyyətindədir, 26% məzuniyyətini rayonlarda keçirib və ya keçirəcək, qalan 24% isə Bakıda qalaraq istirahət günlərini çimərlikdə keçirməyi düşünür.

Məlum olub ki, paytaxtın işləyən sakinlərinin ən fəal hissəsi, yəni özəl qurumların 28-45 yaş arasında olan əməkdaşlarının əksəriyyəti (75%) məzuniyyətlərini ölkədən kənarda keçirib və ya keçirmək fikrindədir.

Yeri gəlmişkən, əvvəlki illərdə olduğu kimi, məzuniyyətini xaricdə keçirən respondentlərin (əsasən də gənclərin) böyük hissəsi qısamüddətli istirahətə üstünlük verir. Bir çoxuna (49%) bunun üçün iki həftə kifayət edir, 30%-ə yaxınını isə daha az müddət də qane edir, bir şərtlə ki, belə səfərlər tez-tez olsun. Əgər bayramlarda imkan olsa, onlar yenidən xaricə (məsələn, qonşu Gürcüstana) və ya Azərbaycanın rayonlarına üz tutmağa hazırdırlar.

Ötən il məzuniyyətlərini Bakıdan kənarda keçirmiş respondentlərin böyük əksəriyyəti (66%) öz istirahətlərindən razı qalıblar. Hərçənd xaricdə olanların arasında istirahahətdən məmnun qalanların sayı daha çoxdur: 2011-ci ildə məzuniyyətini Azərbaycandan kənarda keçirənlərin 87%-i öz istirahətindən razılıq edirsə, ölkənin rayonlarına səfər edənlərin arasında bu göstərici 59%-dir. Onu da qeyd edək ki, yerli istirahət mərkəzlərində neçə dəfə istirahət etməsindən asılı olmayaraq, respondentlərin çoxu (təxminən 56%) hesab edir ki, burada qiymətlər çox bahadır, 58%-in fikrincə, xidmətlərin keyfiyyəti onların qiymətinə uyğun deyil.

Qalan respondentlər arasında istirahətindən razı qalanların sayı nisbətən azdır: məzuniyyətini evdə keçirənlərin üçdə biri, bağda dincələnlərin isə ikidə biri istirahətindən razılıq edir. Rayonlara istirahətə yollanan Bakı sakinlərinin narazı qalmalarının əsas səbəbi isə xidmət keyfiyyətinin aşağı, qiymətlərin isə baha olmasıdır - 74% bu fikirdidər. 

Yeri gəlmişkən, respondentlərin 45%-i ümumiyyətlə rayonlarımızdakı istirahət mərkəzlərində olmayıblar, 21% - cəmi bir bəfə olub, 34% isə iki dəfədən artıq olmayaraq.

Məzuniyyətini ölkədən kənarda keçirməyə üstünlük verən işləyən gənc bakılıların arasında Avropada istirahət daha populyar olduğu halda (44%), nisbətən yaşlı (xüsusən uşaqlı) respondentlər qardaş Türkiyəyə üstünlük verir (60%). Əgər birincilər səyahət marşrutlarını və ölkələrini dəyişməyə maraq göstərirlərsə, ikincilər Türkiyə sahillərinə sadiqlik nümaiş etdirirlər. Onu da qeyd edək ki, həm gənclər, həm də onlardan nisbətən yaşlı nəsil dostlarla istirahətə daha çox üstünlük verirlər (42%).

Məzuniyyətini keçirmək üçün yer axtararkən, gənclər İnternetdən fəal istifadə etdiyi halda (67%), orta yaşlı nəsil əsas məlumat mənbəyi kimi dostların və yaxınların tövsiyyələri və ya şəxsi təcrübədən istifadə edir (70%).

O ki qaldı çimərliklərə, yayın qızmar keçməsinə və Xəzər dənizinin kənarında yaşamalarına baxmayaraq, paytaxt sakinlərinin cəmi 42,6%-i indiyədək dənizdə olub, qalan 53,2% bu il dənizdə çimməyib, 4,2%-nin isə ümumiyyətlə çimərlikdən xoşu gəlmir. Yeri gəlmişkən, çimərlikdə olanların 71%-i orada keçirdikləri istirahətdən razı qalıb. Əhali arasında ən populyar çimərliklər sırasında isə respondentlər Mərdəkan, Şüvəlan, Pirşağı, Bilgəh və Hövsan sahillərini göstərirlər. Bu çimərliklərdə respondentlər orta hesabla hər dəfə 12 manat xərcləyiblər. Cavablar göstərir ki, rəyi soruşulanlar çimərliyə dostları ilə birlikdə, özü də sınaqdan keçmiş yerlərə getməyə üstünlük verirlər.

 

Əvvəlki illərdə olduğu kimi, bu dəfə də sorğuya yalnız işləyən əhali cəlb olunub. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1 000 nəfər iştirak edib. Nisbi xəta 3,5%-dən artıq deyil.




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.