Ünvan : 370001. Bakı,
İstiqlaliyyət, 49/ 26

(+99412) 492 42 41
TƏDQİQATLAR
MƏTBUAT HAQQIMIZDA
ExitPoll
Xüsusi Tədqiqatlar
Sosial demoqrafik tədqiqatlar
Parlament sorğuları
Qarabağ Problemi
Prezident sorğuları
Bakı sorğuları
Xarici Siyasət
Elektoral sorğular
Prezident seçkiləri



EKZIT-POL



TƏRƏFDAŞLARIMIZ :
.::Region Plus
.::INTERFAX
.::TREND
.::Новости - Азербайджан

ELEKTORAL SORĞULAR

QARABAĞ PROBLEMİ
Sosial demoqrafik tədqiqatlar -> 05.09.2009 - BAKILILAR NİGAHDA XOŞBƏXTDİRLƏR və ya ictimai rəy sorğusu nələri üzə çıxardı

05.09.2009

Məlum olduğu kimi, ailə münasibətlərinin ən azı iki müxtəlif modeli var: «sevgiyə əsaslanan nigah» və «qabaqcadan hesablanmış nigah».  Bəziləri əmindirlər ki, əgər əvvəldən məhəbbət yoxdursa, ailə səadəti də olmayacaq. Digərləri isə hesab edirlər ki, ailə qurmazdan əvvəl hər şeyi dəqiq ölçüb-biçmək lazımdır ki, sonradan peşiman olmayasan. Onların fikrincə, emosiya və hisslər  bütün «mənfi» və «müsbətləri» təhlil etmək zərurətini heçə endirməməlidir. Bu modellərə münasibət insanın yaşından, həyat təcrubəsindən və sosial-mədəni normalardan asılı olaraq dəyişə bilər. Lakin, zaman dəyişir və onunla birlikdə ailə münasibətlərinin nümunələri də transformasiya olunur. Bəs bu gün Azərbaycanda nigah bağlanarkən daha çox nə əsas götürülür, insanlar nəyə üstünlük verirlər - emosiayalara yoxsa ağıla, xəyanət və boşanmalara münasibət necədir? «Rəy» Monitorinq Mərkəzi sentyabrın 25-26-da keçirdiyi pilot tədqiqatı zamanı bu və digər sualları cavablandırmağa çalışıb. Bakı şəhərində yaşı 18-dən yuxarı olan 800 nəfər üzbəüz müsahibə yolu ilə sorğuya cəlb edilib. Statistik nisbi xəta 3,5% təşkil edib.

Beləliklə, sorğu nələri üzə çıxarıb? Birincisi, sevindirici haldır ki, rəyi soruşulanların əksəriyyəti özlərini  nigahda xoşbəxt hiss etdiklərini vurğulayıb. Ailəli qadın və kişilərin 84%-i məhz belə cavab verib. Daha 5% isə «yəqin ki, xoşbəxtəm» cavabını qeyd ediblər. Yalnız 8% respondent etiraf edib ki, onların ailəsini xoşbəxt adlandırmaq olmaz, 3% «yəqin ki, xoşbəxt deyiləm» cavabını qeyd edib.  Özü də bu tendensiya demək olar ki, cins, yaş, status və digər sosial-demoqrafik xarakteristikalarla bağlı deyil.

Məlum olub ki, bakılılar ailə qurmaq kimi ciddi addıma əsaslı hazırlaşmağa üstünlük verirlər. Onlar hisslərin və etirasın təsiri altında dərhal VVAQ şöbələrinə üz tutmurlar, bütün mənfi və müsbət tərəfləri dəqiq ölçüb-biçirlər. Çünki bu iş təlaşı və ötəri yanaşmanı sevmir. Diqqət yetirək: respondentlərin əksəriyyəti (87%) əmindir ki, ailə qurarkən ilk növbədə ağılla hərəkət etmək lazımdır və yalnız 10% hesab edir ki, hisslərə etibar etmək kifayətdir (3% sualı cavablandırmaqda çətinlik çəkib). Maraqlı burasıdır ki, cavabların belə bölgüsü  respondentlərin cinsi, yaşı və evli olub-olmaması ilə bağlı deyil.

Aydın məsələdir ki, belə yanaşma müxtəlif amillərlə bağlıdır və ilk növbədə onunla ki, insanlar xoşbəxt ailə qurmaq üçün yalnız məhəbbətin kifayət etmədiyinin fərqindədirlər. Sevgi hissləri ilə yanaşı, qarşılıqlı hörmət, bağlılıq, qarşı tərəfə etibar amilləri də mövcuddur. Digər tərəfdən isə, hisslər yoxlanılmalıdır və məhz bunun üçün də Azərbaycanda populyar olan nişanlanma mərhələsi var. Təsadüfi deyil ki, «Hansi nigahlar daha dayanıqlıdır: insanlarin ilk növbədə ağilla, yaxud hisslərin təsiri altında daxil olduqlari nigahlar?» sualına cavab verərkən, rəyi soruşulanların 85%-i ağıla, cəmi 11%-i isə hisslərə üstünlük verib.

Bir faktı da qeyd edək ki, boşanmadan sonra uşağın kiminlə qalmalı olduğu barədə sualı cavablandırarkən respondentlərin əksəriyyəti (61%) ənənəvi alternativi seçib - ana ilə, yalnız 29% bildirib ki, uşaq ona daha yaxşı yaşamaq və tərbiyə almaq üçün şərait yarada biləcək valideynlə qalmalıdır. Başqa sözlə, müəyyən «praqmatizm» və ənənələrə sadiqlik üstünlük təşkil edir.

 

Bu nəticə ilə razılaşmaq olardı bir «amma» olmasaydı. «Hansı nigahı daha xoşbəxt sayırsınız: sevgiyə əsaslanan, yoxsa qabaqcadan hesablanmış nigahları?» sualını cavablandırarkən, bakılıların əksəriyyəti (68%) sevgiyə əsaslanan nigahı və cəmi 21% - qabaqcadan hesablanmış nigahı seçib (11% cavab verməkdə çətinlik çəkib). Məlum olub ki, bir çox sosial kateqoriyalar məhz sevgiyə üstünlük verirlər və gözlənildiyi kimi, bu xüsusiyyət daha çox gənc və sübay insanlara xasdır. Bu, o deməkdir ki, hisslərlə idrak arasında, köhnə ailə trafaretlərilə müasir reallıqlar arasında müəyyən ziddiyyətlər var. Özü də bu, şüurluluq və ənənələrə sadiqlik heç də həmişə şübhəsiz deyil və ailə həyatının bütün tərəflərini əhatə etmir. Aşağıdakı suala cavabların necə bölüşməsinə diqqət yetirək:

«TƏRƏFLƏR ARASINDA SEVGİNİN OLMASI UŞAQLI AİLƏLƏRDƏ BOŞANMALARA SƏBƏB OLA BİLƏRMİ?»

41% - bəli, ola bilər                                       

14% - yəqin ki, ola bilər

5% - çox guman ki, ola bilməz

33% - xeyr, ola bilməz

7% - cavab verməkdə çətinlik çəkirəm

Başqa sözlə, belə çıxır ki, məhəbbət doğrudan da yüksək ailə dəyəridir və onun olmamasını bir çoxları boşanma üçün ciddi əsas hesab edirlər. Bu isə onu göstərir ki, ər-arvad münasibətlərinə aid ənənəvi stereotiplər artıq öz mövqelərini itirməkdədir. Aydın məsələdir ki, sevginin olmamasını daha çox gənclər boşanma üçün əsas sayırlar, lakin bu tendensiya yaşı 39-dan yuxarı olanlarda da özünü birüzə verir. Doğrudur, bu tendensiya təhsili olmayan insanlara daha az təsir edir.

Yeri gəlmişkən, «Ailə qurarkən tərəflərin vəzifələrinin yer aldığı nigah müqaviləsi bağlamaq lazımdırmı?» sualını cavablandırarkən rəyi soruşulan paytaxt sakinlərinin 43%-i qeyd ediblər ki, «bunun vaxtı çoxdan çatıb». Daha 24% isə bildiriblər ki, «niyə də olmasın, çünki bu, ailə həyatını yüngülləşdirər və mümkün boşanma prosesini asanlaşdırar». Doğrudur, respondentlərin üçdə biri nigah müqaviləsinin tətbiq olunub-olunmaması məsələsində ya tərəddüd edir, yaxud da ki, bunun əleyhinə çıxış edir. Hərçənd, belə mövqe daha çox yaşlı nəsil və təhsilsiz respondentlərə aiddir.

Digər bir məqama nəzər salaq. Azərbaycanda boşanmalarının artmasının səbəbləri barədə danışarkən, 48% respondent bunu müasir ailədəki çətinliklərlə əsaslandırıb. Yalnız rəyi soruşulanların beşdə biri (21%) boşanmaların səbəbini ailə dəyərlərinin böhranında görür. Daha 9% boşanmaları normal hal adlandırıb, 6% isə ümumiyyətlə dəyərlərin itirilməsi ilə əsaslandırıb. 5% respondent digər fikirdədir, 11% isə cavab verməkdə çətinlik çəkib.

Başqa sözlə, bakılıların böyük hissəsi boşanma və ailə dəyərlərinin dəyişməsi problemlərinə daha çox yerli çərçivədə qiymətləndirməyə üstünlük verir. Onlar bu problemləri müasir sosial-demoqrafik proseslər çərçivəsində görmürlər. Həmin proseslər isə göstərir ki, indi demək olar ki, bütün dünyada yüksək doğum göstəriciləri və ənənəvi ailə faktorlarını yüksək boşanma göstəriciləri, azuşaqlılıq, vətəndaş nigahı adlanan nigahlar, «sınaq xatirinə» birgə yaşayış kimi hallar əvəz edir.

Hərçənd, görünür Azərbaycanda hələ də ənənəvi ailələrə xas olan ikili standartlar hökm sürür.

«XANIMINA XƏYANƏT EDƏN KİŞİLƏR HAQQINDA NƏ DEYƏRDİNİZ?»

50% - o ittiham olunmağa layiqdir

36% - həyatda hər şey olur və hər bir hadisə haqqında ayrıca danışmaq lazımdır

13% - onu ittiham etməyə dəyməz

«BƏS ƏRİNƏ XƏYANƏT EDƏN QADINLAR HAQQINDA NƏ DEYƏ BİLƏRSİNİZ?»

83% - o, ittiham olunmağa layiqdir

11% - həyatda hər şey olur və hər bir hadisə haqqında ayrıca danışmaq lazımdır

6% - onu ittiham etməyə dəyməz

Başqa sözlə desək, ictimai rəy daha çox qadın tərəfindən ərinə qarşı xəyanəti qınayır.  Və bu tendensiya ailəlilərlə yanaşı, sübaylara da xasdır. Bütövlükdə, respondentlər kişilərə qarşı bir qədər liberalizm nümaiş etdirir, onun arvada xəyanətini bağışlayır. Lakin, sorğu göstərib ki, daha çox kişilər konservativlik nümaiş etdirir. Onların əksəriyyəti (84%) ərinə sadiq olmayan qadınları kəskin ittiham edir.

ARVADINA XƏYANƏT EDƏN KİŞİNİ İTTİHAM EDƏNLƏR

Evli kişilər                             Sübay kişilər

                                               40%                                        46%

 

Evli qadınlar                         Sübay qadınlar

                                               55%                                        67%

 

ƏRİNƏ XƏYANƏT EDƏN KİŞİLƏRİ İTTİHAM EDƏNLƏR

 

 

Evli kişilər                             Sübay kişilər

                                               86%                                        84%

Evli qadınlar                         Sübay qadınlar

                                               80%                                        79%

Aydın məsələdir ki, bu ictimai rəy sorğusunun nəticələrini çox geniş anlamda yozmaq və bütün Azərbaycana şamil etmək olmaz. Xüsusən də ona görə ki, bu sorğu daha çox axtarış xarakteri daşıyırdı. «Rəy» Monitorinq Mərkəzi bu mövzuda ümummilli layihə hazırlayır. Hələliksə, bu sorğu vasitəsilə mövcud vəziyyətlə tanış olmaqla yanaşı, sorğunun metodikası və əsas ideyaları da sınaqdan keçirilib.

«Rəy» Monitorinq Mərkəzi




 
 
Copyright © 2014 Rey.az. All Rights Reserved.